Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

February 2018
M T W T F S S
« Oct    
 1234
567891011
12131415161718
19202122232425
262728  

«Korrupsiyaya qarşı mübarizə haqqında» AR qanununun beynəlxalq standartlara uyğunlaşdırılması…

Korrupsiyaya qarşı mübarizənin hüquqi müstəvidə aparılması üçün mükəmməl qanunvericilik bazasının yaranması çox mühüm məsələdir. Bundan ötrü «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanunu korrupsiyaya qarşı mübarizə aparan orqanların həyata keçirmək istədiyi tədbirlər üçün səmərəli və işlək hüquqi baza rolunu oynamalıdır.
«Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanunu təhlil edilərkən məlum oldu ki, vacib antikorrupsion normaların, xüsusilə də beynəlxalq hüquqi bazanın təkidlə tövsiyə etdiyi hüquqi normaların tətbiqi ilə bağlı çatışmazlıqlara yol verilmiş və nəticədə Qanunda boşluqlar meydana gəlmişdir. Həmin boşluqları doldurmaq, korrupsiyaya qarşı mübarizə aparmaq üçün səmərəli şərait yaratmaq və bu Qanunun beynəlxalq hüquqi normalara, o cümlədən BMT-nin “Korrupsiyaya qarşı” Konvensiyasının, Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” və “Korrupsiya ilə əlaqədar mülki-hüquqi məsuliyyət haqqında” Konvensiyalarının və digər beynəlxalq sənədlərin Azərbaycan Respublikasının qanuvericiliyinə tam implementasiyasına nail olmaq aktual məsələlərdəndir.
Korrupsiya hüquqpozmaları və bu hüquqpozmaların subyektlərinin əhatə dairəsinin məhdudlaşdırılması korrupsiyaya qarşı mübarizəni daha da çətinləşdiririr. Belə ki, korrupsiyaya qarşı mübarizə üzrə beynəlxalq hüquqi bazanın 30-dan yuxarı korrupsiya hüquqpozmasını müəyyən etməsinə və bunların hər birinin Azərbaycan üçün xarakterik korrupsiya əməli olmasına baxmayaraq «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununda həmin hüquqpozmalardan yalnız 7-si verilmiş və aşağıda sadalanan hüquqpozmalar Qanunda təsbit olunmamışdır:
-özəl sektorda və siyasi partiyalarda vəzifəli şəxslərin korrupsiyası
-vəzifəli şəxslərin əsaslandırılmamış varlanması
-vəzifəli şəxslərin əmtəə, xidmət və istehlak bazarında inhisarçılığa yönəldilmiş fəaliyyəti
-seçicilər və seçki komissiyaları üzvlərini ələ alma
-ələ alma yolu ilə vətəndaşların seçki hüquqlarının və seçki komissiyalarının işinin pozulması, seçki sənədlərinin saxtalaşdırılması və səslərin düzgün hesablanmaması
-siyasi partiyalar və seçki kampaniyalarının qeyri-qanuni maliyyələşdirilməsi
-ayrı-ayrı namizədlər, siyasi partiyalar, siyasi partiya blokları və referendum üzrə təşəbbüs qrupları tərəfindən seçki kampaniyalarında dövlət və bələdiyyələrin maliyyə, maddi və d. resurslarından qeyri-qanuni istifadə olunması və s.
Qanunun «hədiyyə alma ilə bağlı məhdudiyyətlər» maddəsinə görə vəzifəli şəxslərin dəyəri şərti maliyyə vahidinin 50 mislindən aşağı olan hədiyyəni alması korrupsiya hüquqpozması sayılmır. Halbuki Azərbaycanda aşağıların korrupsiyası kiçik məbləğlərlə cərəyan edir.
Qabaqlayıcı tədbirlərlə korrupsiyanın səviyyəsini aşağı salmağa nail olmaq korrupsiyaya qarşı mübarizədə mühüm yer tutmasına baxmayaraq mövcüd qanunda belə tədbirlərə az yer verilmişdir, veriləcək təkliflərdə səmərəli qabaqlayıcı tədbirlərə xüsusi diqqət yetirilməlidir.
Təkliflərin əsas hədəflərindən biri də korrupsiyaya qarşı mübarizədə mühüm vasitələrdən olan dövlət idarəçiliyində şəffaflığın gücləndirilməsidir.
Bundan başqa korrupsiya hüquqpozmaları haqqında məlumat verən və ya belə hüquqpozmalarla bağlı ifadə verən şahidlərin dövlət tərəfindən müdafiəsinin təmin edilməsi də xüsusi əhəmiyyət kəsb edir.
İctimaiyyətin korrupsiyaya qarşı mübarizədə iştirakının stimullaşdırılması məsələsi də öz əksini tapmalıdır. «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununda ən az toxunulan məsələlərdən biri hüquqi şəxslərin korrupsiya hüquqpozmalarıdır. Bu qanunda hüquqi şəxslərin hansı korrupsiya hüquqpozmalarına görə məsuliyyət daşıdıqları müəyyənləşdirilməmişdir. Xarici hüquqi şəxslər isə ümumiyyətlə bu Qanunun əhatə dairəsindən kənarda qalmışdır. Halbuki hüquqi şəxslərin, eləcə də xarici hüquqi şəxslərin korrupsiya hüquqpozmalarına görə məsuliyyəti ilə bağlı hüquqi normanın geniş və dəqiqliklə verilməsinə zərurət vardır.
Bundan başqa, korrupsiya ilə əlaqədar hüquqpozmalar nəticəsində dəymiş ziyanın əvəzinin ödənilməsi ilə bağlı beynəlxalq hüquqi bazanın antikorrupsion normalarının milli qanunvericiliyə tətbiqi məsələsi də öz əksini tapmalıdır. Göründüyü kimi korrupsiyaya qarşı mübarizənin düzgün və səmərəli aparılması üçün bizə Azərbaycan dövlətçiliyinə xidmət edən mükəmməl bir qanun lazımdır. Ona görə də, Qüvvədə olan “Korrupsiyaya qarşı Mübarizə haqqında” AR Qanununun beynalxalq standartlara uyğunlaşdırılmaqla təkmilləşdirilməsi üçün bu təkliflərin geniş ictimaiyyətin, o cümlədən mütəxəssislərin müzakirəsinə verilməsini məqsədəuyğun hesab edirik. Təkliflərə Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun üzvləri tərəfindən baxılmasına və münasibət bildirməsinə ehtiyac duyulur.

Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə
Birgə İşçi Qrupunun Korrupsiyaya qarşı Mübarizə ilə bağlı alt qrupunun sədri
Vasif Mövsümov

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@hrc.az

1905.az STUDIO