Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

October 2018
M T W T F S S
« Oct    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

«Korrupsiyaya qarşı Virtual Vəkillik» layihəsinin nəticələri müzakirə olunur

«Korrupsiyaya qarşı Virtual Vəkillik» layihəsinin nəticələri müzakirə olunur 9 Dekabr 2003-cü ildə Meksikanın Merida şəhərində BMT-nin təşkil etdiyi korrupsiyaya qarşı mübarizə məsələlərinə həsr olunmuş yüksək səviyyəli siyasi konfrans keçirilib. Korrupsiyaya qarşı BMT Konvensiyası da burada imzalanıb. Bu konvensiya ölkələrin inkişafına zərbə vuran, demokratiyaya və hüquqi dövlət rejiminə təhlükə yaradan korrupsiyaya qarşı mübarizə aparmaq üçün əsas beynəlxalq sənəddir. Konvensiya 14 dekabr 2005-ci ildə qüvvəyə minib. Hal-hazırda 142 ölkə Konvensiyanı imzalayıb. Onlardan 80-ı isə onu artıq təsdiq edib. Azərbaycan bu Konvensiyanı 27 Fevral 2004-cü ildə imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisi isə bu hüquqi aktı 1 noyabr 2005-ci ildə təsdiq edib. BMT 9 Dekabrı beynəlxalq korrupsiyaya qarşı mübarizə günü elan edib.
9 Dekabr ərəfəsində dünyanın müxtəlif ölkələrində antikorrupsiya aksiyaları və tədbirləri keçirilir. Dünya əhalisi korrupsiya probleminə öz münasibətlərini və ona qarşı mübarizənin vacibliyini ifadə edir. Nəzərə alaq ki, beynəlxalq səviyyədə korrupsiyaya qarşı aparılan mübarizə bir çox ölkələrdə öz müsbət nəticələrini vermişdir. Buna görə də korrupsiyaya qarşı mübarizədə uğur qazanmış ölkələrin təcrübəsi bizim də diqqətimizi cəlb etməlidir.
Korrupsiyaya qarşı Mübarizə Fondu öz fəaliyyəti dövründə həmişə olduğu kimi Beynəlxalq Antikorrupsiya Günündə də Azərbaycanda korrupsiyanın səviyyəsinin öyrənilməsi və ona qarşı mübarizə sahəsində atdığı addımlarla bağlı ictimaiyyətə hesabat verir. Bu gün Fond Azərbaycanda korrupsiyaya qarşı mübarizəni gücləndirmək məqsədilə ABŞ Dövlətini təmsil edən İATP proqramı ilə birlikdə həyata keçirdiyi “Korrupsiyaya qarşı Virtual Vəkillik” layihəsinin nəticələri ilə bağlı ictimaiyyəti və KİV-i məlumatlandırır. İATP ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilir və Beynəlxalq Mübadilələr və Tədqiqatlar Şurası (İREX) tərəfindən həyata keçirilir.
Layihənin əsas məqsədi korrupsiya problemi ilə üzləşən vətəndaşların müraciət etməsi üçün pulsuz virtual məsləhət mərkəzinin yaradılmasıdır. Layihə beş ay ərzində həyata keçirilmişdir. Bu dövrdə ölkənin altı regionunda ictimaiyyətin və yerli dövlət orqanlarının nümfyəndələri ilə birlikdə dəyirmi masalar keçirilmişdir. Keçirilən tədbirlərdə yerli QHT-lərin, icra strukturlarının, hüquq-mühafizə orqanlarının, siyasi partiyaların və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Tədbirlərin əsas məqsədi qəbul edilmiş «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»da vurğulandığı kimi korrupsiyaya qarşı mübarizədə ictimaiyyətlə dövlət orqanlarının əməkdaşlığını təşkil etmək, onların hüquqi maarifləndirilməsini aparmaqdır. Qeyd edək ki, regionlarımızın hüquqi maariflənməyə daha çox ehtiyacı vardır.
Bundan əlavə layihə çərçivəsində regionlarda korrupsiyanın səviyyəsini öyrənmək üçün ictimai rəy sorğuları keçirilmişdir. Araşdırmaların nəticələrinə görə əhali korrupsiya halları ilə üzləşməkdədir. Bunun da əsas səbəbləri: məmur özbaşınalığı, məhkəmə və hüquq-mühafizə orqanlarına olan inamsızlıq, hüquqi savadsızlıq və vətəndaş cəmiyyətinin inkişaf etməməsidir. Aparılan rəy sorğuları sosial sahədə yəni əhalinin daha çox ünsiyyətdə olduğu yerli dövlət orqanlarında korrupsiyanın səviyəsinin heç də ürəkaçan vəziyyətdə olmadığını göstərmişdir.
Cavablarda mühüm məqamlar ondan ibarətdir ki, əhali rüşvət verməkdən imtina etməyi, bürokratik məneələrin aradan qaldırılmasını və korrupsiyaya qarşı mübarizədə ictimai nəzarətin yaradılmasını Azərbaycanda korrupsiyanın səviyyəsinin azalması üçün əsas şərtlərdən biri kimi göstərmişdir. Dünyanın demokratik ölkələrində belə bir praktika formalaşmışdır ki, hökümət ölkənin daxili siyasətinin prioritetlərini formalaşdırarkən ictimai rəy mütləq nəzərə alınır.
Regionlarda keçirilən müzakirələrdən nəticə çixararaq Korrupsiyaya qarşı Mübarizə Fondu “Milli Strategiya”nın icrasına ictimai nəzarəti təşkil etmək üçün vətəndaş cəmiyyətinin və yerli dövlət orqanlarının birgə fəaliyyət göstərəcəyi Korrupsiyaya qarşı Mübarizə üzrə İctimai Nəzarət Şuralarının yaradılmasını təklif edir. Şura hər şeydən əvvəl vətəndaşlara korrupsiyaya qarşı mübarizədə yardım edəcək, ayrı-ayrı məmurların özbaşınalığı barədə dövlət orqanlarını xəbərdar edəcək. «Milli Strategiya»da əhalinin ərizə və şikayətlərinə baxılması işinin təkmilləşdirilməsi xüsusi vurğulanmışdır. Bu o deməkdir ki, korrupsiyaya qarşı mübarizədə müsbət irəliləyiş əldə etmək üçün vətəndaşların korrupsiya ilə bağlı müraciətlərinin dövlət orqanlarına istiqamətləndirilməsinin mühüm rolu vardır. Təəsüf ki, bu gün korrupsiya ilə bağlı müraciətlərə baxılması işində hələ ki, lazımı nəticə əldə olunmamışdır.
Bütün bunları nəzərə alaraq və bu işdə ictimaiyyətə yardım etmək üçün layihə çərçivəsində əhalinin korrupsiya ilə bağlı ərizə və şikayətlərinin dövlət orqanlarına göndərilməsi işi təşkil edilmişdir. Bu müddətdə çoxlu ərizələr alınmışdır, onların həlli istiqamətində tədbirlər görülmüşdür. Alınan ərizə, müraciət və məktublar insanların antikorrupsion maarifləndirilməsi işinə xidmət edir. Bu o deməkdir ki, insanlar üzləşdikləri korrupsiya hallarını deməkdən artıq çəkinmirlər, lakin bu işdə onlara yardım etmək vacibdir. Ümumən götürsək biz bu layihənin nəticələrini müsbət hesab edirik. Bu cür tədbirləri Korrupsiyaya qarşı Mübarizə Fondu regionlarda bundan sonra da davam etdirməyə çalışacaqdır. Çünki dövlətin regionların inkişafına külli miqdarda vəsait ayırdığı bir vaxtda orada vətəndaş cəmiyyətinin inkişaf etməsi çox vacib məsələdir. Bu problemin həllində ictimaiyyət birbaşa iştirak etməsə korrupsiyaya qarşı mübarizə üzrə görülən tədbirlər müsbət nəticələrini verməyəcək. Korrupsiyanı aradan qaldırmaq olar və bunu etmək çox vacibdir. Bu məqsədlə dünya təcrübəsində olduğu kimi hökumət bütün vasitələrdən – cinayət təqibindən tutmuş KİV vasitəsilə korrupsionerlərin ifşa olunmasına qədər – istifadə etməlidir.

Korrupsiyaya qarşı Mübarizə Fondu