Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

December 2018
M T W T F S S
« Oct    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.3. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.4. həmin Qanunun 1.1.12-ci maddəsinə uyğun olaraq, insan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə və ya mühüm zərərin müəyyən edilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.5. həmin Qanunun 6.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, yoxlayıcı orqanların səlahiyyətlərinin təkrarlanması hallarının aradan qaldırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.6. həmin Qanunun 6.2-ci maddəsinə uyğun olaraq, yoxlamaların təşkili və həyata keçirilməsi ilə bağlı yoxlayıcı orqanların qəbul etdiyi normativ hüquqi aktların ləğv edilməsi üçün müvafiq tədbirlər görsün və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.7. həmin Qanunun 18.1-ci maddəsinin üçüncü cümləsinə uyğun olaraq, iri, orta və kiçik sahibkar meyarlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.1.8. həmin Qanunun 19.8-ci maddəsinə uyğun olaraq, yoxlama suallarının siyahısının formasını və tətbiqi qaydasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.9. həmin Qanunun 21.4-cü maddəsinə uyğun olaraq, məhsulun tədqiqi (sınağı) barədə qərarın nümunəvi formasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.10. həmin Qanunun 22.5-ci maddəsinə uyğun olaraq, məhsulun tədqiqi (sınağı) məqsədi ilə məhsul nümunələrinin götürülməsi aktının nümunəvi formasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.11. həmin Qanunun 25.5-ci maddəsinə uyğun olaraq, tədqiq (sınaq) nəticələrinə dair protokolun formasını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.12. həmin Qanunun 26.5-ci maddəsinə uyğun olaraq, məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərəfindən əvəzinin ödənilməsi qaydaları və müddətlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. həmin Qanunun 6.3-cü maddəsinə uyğun olaraq, yoxlayıcı orqanların və onların nəzarət sahələrinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində müəyyən etsin;
1.3. həmin Qanunun 9.5-ci maddəsinə uyğun olaraq, hər bir yoxlayıcı orqanın nəzarət sahəsi üzrə risk qruplarının müəyyənləşdirilməsi meyarlarını bu Fərmanın 1.2-ci bəndində nəzərdə tutulmuş siyahı qüvvəyə mindiyi gündən iki ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin qeydiyyat informasiya sisteminin təkmilləşdirilməsi üçün zəruri olan xərclərin maliyyələşdirilməsi məqsədi ilə zəruri tədbirləri bir ay müddətində həyata keçirsin;
1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birlikdə:
2.1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələlərin yoxlayıcı orqanlara izah edilməsi məqsədi ilə ildə ən azı iki dəfə müvafiq təlimlərin keçirilməsini təmin etsin;
2.2. həmin Qanundan irəli gələn məsələlərin sahibkarlara izah edilməsi məqsədi ilə həmin Qanun qüvvəyə mindiyi gündən bir il ərzində hər ay kütləvi informasiya vasitələrində müvafiq reklam çarxlarının və verilişlərin yayımını, məqalələrin dərc edilməsini və digər maarifləndirici tədbirlərin həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. Müəyyən edilsin ki:
4.1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.12-ci və 13.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
4.2. həmin Qanunun 6.3-cü, 9.5-ci maddələrində, 18.1-ci maddəsinin üçüncü cümləsində, 19.8-ci, 21.4-cü, 22.5-ci, 25.5-ci və 26.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
4.3. həmin Qanunun 13.1-ci, 13.3-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci və 33.6-cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;
4.4. həmin Qanunun 27.1-ci və 27.4.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
5. Bu Fərmanın icrası ilə əlaqədar qəbul ediləcək normativ hüquqi və normativ xarakterli aktlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi gündən tez olmayaraq qüvvəyə minəcəkdir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2013-cü il.