Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

August 2018
M T W T F S S
« Oct    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

SOCAR-da idarəetmə strukturunun təkmilləşdirilməsi və optimallaşdırılması məsələlərinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir

    Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin baş ofisində yerli və xarici kütləvi informasiya vasitələri nümayəndələri üçün Şirkətin idarəetmə strukturunun təkmilləşdirilməsi və optimallaşdırılması məsələlərinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir. Konfransda KİV təmsilçiləri ilə yanaşı, bir çox qeyri-hökumət təşkilatlarının rəhbərləri və hüquq müdafiəçiləri də iştirak etmişlər. Şirkətin emal üzrə vitse-prezidenti David Məmmədov, iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov, kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov, Hüquq İdarəsinin rəisi Eldar Orucov və müvafiq struktur bölmələrinin rəhbərləri SOCAR-da həyata keçirilən islahatlar haqqında iştirakçılara məlumat vermişlər. Bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ölkənin milli neft şirkəti kimi beynəlxalq aləmdə rəqabət qabiliyyətinin artırılması, fəaliyyətinin səmərəliliyinin təmin edilməsi və aparıcı neft şirkətləri sırasına çıxması məqsədi ilə apardığı ardıcıl islahatlar yeni iş yerlərinin açılması, istehsal sahələrinin yaradılması, eləcə də az səmərəli, əhəmiyyətsiz və təkrarlanan biznes proseslərinin aradan qaldırılması zərurətindən irəli gəlir. Bu islahatlar bazar iqtisadiyyatı prinsiplərinə, nüfuzlu, beynəlxalq audit şirkətlərinin tövsiyələrinə, SOCAR-ın risklərin idarə edilməsi siyasətinə uyğun şəkildə həyata keçirilir. Az səmərəli və qeyri-effektiv struktur bölmələrinin təkmilləşdirilməsi idarəetmənin və biznes effektivliyinin yüksəldilməsini şərtləndirir. Qeyd olunmuşdur ki, indiyədək çoxpilləli idarəçilik strukturuna malik bir neçə müəssisədə, o cümlədən “Azəriqaz” və “Azərikimya” İstehsalat Birliklərində, Geologiya və Geofizika İdarəsində, Neft Kəmərləri İdarəsində, Kompleks Qazma İşləri Trestində, Neftqaztikinti Trestində idarəetmənin çevikliyini təmin etmək məqsədi ilə bu cür islahatlar keçirilmişdir. SOCAR-ın idarəetmə strukturunun təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində aparılan tədbirlər davam etdirilir. Şirkətin neft emalı kompleksinə daxil olan iki zavodun yerinə yetirdiyi biznes prosesinin vahid bir idarəçilik çərçivəsində aparılmasının daha məqsədyönlü olması nəzərə alınaraq, Şirkətin 24 dekabr 2014-cü il tarixli əmri ilə “Azərneftyağ” neft emalı zavodunun 01 yanvar 2015-ci il tarixdən Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna qoşulmaqla fəaliyyətinə xitam verilməsi qərara alınmışdır. Qeyd olunmuşdur ki, neft emalı zavodlarının fəaliyyəti zamanı təkrarlanan bəzi biznes prosesləri əlavə xərclər tələb edirdi və bu da öz növbəsində iqtisadi cəhətdən qeyri-səmərəli hesab olunmuşdur. Bununla belə, “Azərneftyağ” neft emalı zavodunun fəaliyyətinə xitam verilməsi orada çalışan işçilərin kütləvi şəkildə sərbəstləşməsinə səbəb olmayacaqdır. Həmin zavodun istehsal qurğuları və istehsal sahələri Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun tərkibində fəaliyyət göstərəcək və orada çalışan işçilər də “Azərneftyağ” neft emalı zavodunun hüquqi varisi hesab edilən bu müəssisədə, yəni Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda öz fəaliyyətlərini davam etdirəcəklər. Lakin islahat zamanı qeyri-effektiv və az səmərəli sahələrin fəaliyyətinin aradan qaldırılması, eyni zamanda idarəetmə aparatında aparılacaq optimallaşdırma tədbirləri nəticəsində yeni qurumda bəzi rəhbər işçilərin çalışmasının mümkünsüzlüyü də istisna edilmir. Lakin onlara da ixtisaslarına uyğun iş təklif ediləcəkdir. Məlum olduğu kimi, SOCAR özünün əsas idarəetmə prinsiplərindən biri olan işçilərin sosial dayanıqlığının təmin edilməsi üçün müxtəlif proqramlar və layihələr həyata keçirir, insan resurslarının idarə olunmasında yeni standartlar tətbiq edir. Sərbəstləşən işçilər Şirkətin idarə və müəssisələrində iş yerləri ilə təmin edilir və ya müxtəlif proqramlar üzrə onlara müavinətlər ödənilir. Bu günədək aparılmış islahatlar zamanı xeyli sayda sərbəstləşmiş işçi həmin tədbirlərdən yararlanmışdır. Konfransda qətiyyətlə bildirilmişdir ki, islahatlar yalnız istehsalatın səmərəliliyinin artırılmasına xidmət edir və ixtisar məqsədi ilə aparılmır. Eyni zamanda “Azərneftyağ” neft emalı zavodunun fəaliyyətinə xitam verilməsi ilə bağlı hər hansı bir şəxsin sərbəstləşəcəyi halda yuxarıda qeyd edilən proqramlardan istifadə etmək hüquqları məhdulaşdırılmayacaqdır. Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

 

 

SOCAR.az