Sorğu

Pulsuz dövlət xidmətlərindən istifadə edərkən rüşvət verirsinizmi?

View Results

Loading ... Loading ...

Təqvim

October 2018
M T W T F S S
« Oct    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

«Təhsil haqqında» Azərbaycan Respublikası Qanunu layihəsinin antikorrupsion ekspertizası

Qanunların antikorrupsion ekspertizası hüquqi aktlarda və ya onların layihələrində təkcə korrupsiogen amillərin aşkar olunması və təsvir edilməsini deyil, eləcə də, onların aradan qaldırılması və məhdudlaşdırılması üçün təkliflərin hazırlanmasını da vacib bilir. Ekspertiza nəticəsində aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün verilən təkliflərin qəbul edilməsi isə qanunların işlək hala gəlməsinə şərait yaradır.

Təcrübə göstərir ki, müvafiq icra strukturunun lazım olduğundan artıq funksiyalarla yüklənməsi korrupsiyanın yaranması və genişlənməsinə şərait yaradır. Struktur islahatları da dövlət idarəetmə sistemini lazımsız funksiyalardan azad etmək və onu səmərəli mexanizmə çevirməklə korrupsiyanın qarşısının alınmasına xidmət edir. Çox təəssüf ki, bu antikorrupsion tələb «Təhsil haqqında» Azərbaycan Respublikası Qanunu layihəsində nəinki nəzərdə tutulmamış, əksinə bu layihədə təhsil sahəsində müvafiq icra hakimiyyəti orqanı olan Təhsil nazirliyini indikindən daha artıq bürokratik aparata çevirmək xəttinə üstünlük verilmişdir.

Əvvəla təhsil sahəsində müvafiq icra hakimiyyəti orqanı anlayışı, təhsil sistemini idarə edən başlıca subyektlər və onların səlahiyyətləri “Təhsil haqqında” qanunla dəqiqləşdirilməli olsa da layihədə bu barədə heç nə deyilmir.

Təhsilalma formaları Qanunla müəyyən olunduğu halda, layihəyə görə paralel olaraq eyni səlahiyyətin icra hakimiyyəti orqanına verilməsi həmin orqan üçün təkcə əlavə səlahiyyətlər deyil, həm də əlavə korrupsiya imkanı yaratmaq deməkdir.

Təhsil Qanunu layihəsinə görə təhsil sahəsində müvafiq icra hakimiyyəti orqanına verilən funksiyalar Təhsil Nazirliyinin 2005-ci ilin martında qəbul olunmuş mövcud Əsasnaməsində göstərilən funksiyalardan da artıqdır. Əsasnaməyə görə nazirlik yalnız təhsil müəssisələrinin nümunəvi əsasnamələrinin layihələrini hazırlayır, təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğvi barədə rəy və təkliflər verir, Layihəyə görə isə müvafiq icra hakimiyyəti orqanı «dövlət təhsil müəssisələrini təsis etmək və ləğv etmək» funksiyalarına sahib olur. Bundan başqa, əgər əsasnaməyə görə bu nazirlik yalnız «Təhsil sistemində maliyyələşdirmə normativlərinin hazırlanmasında iştirak edir»sə, Layihəyə görə isə təhsil sahəsində müvafiq icra hakimiyyəti orqanı «dövlət təhsil müəssisələrini maliyyələşdirmək» səlahiyyətinə malik olur.

Layihədə təhsil sahəsində müvafiq icra hakimiyyəti orqanına təhsil müəssisələrinə xüsusi lisenziya vermək, dövlət təhsil müəssisələri və yerli təhsili idarəetmə orqanlarının rəhbərlərini müvafiq qaydada vəzifəyə təyin və vəzifədən azad etmək kimi səlahiyyətlərin verilməsi indiki şərtlər daxilində müvafiq icra hakimiyyəti orqanları üçün lazım olduğundan artıq yük deməkdir. Bu isə korrupsiyanın qarşısının alınması əvəzinə onun genişlənməsinə şərait yaradır.

Ümumiyyətlə, təhsil nazirinin etiraf etdiyi kimi korrupsiyalaşma həddinə görə acınacaqlı vəziyyətdə olan və öz funksiyalarının öhdəsindən gələ bilməyən Təhsil nazirliyinin lazım olduğundan artıq səlahiyyətlərlə yüklənməsini, bu günkü reallıqla qiymətləndirəndə belə bir qənaətə gəlmək mümkündür ki, Layihə

təhsil sahəsində korrupsiyalaşmanın dərinləşməsi üçün əlavə imkanlar açır.

Təhsil sahəsində ən çox rast gəlinən korrupsiya hüquqpozmaları təhsil müəssisələrinin idarə olunması, xüsusilə də, belə müəssisələrdə rəhbərliyin təyin edilməsi zamanı baş verir. Layihədə təhsil müəssisəsi rəhbərliyinin təyin olunması prinsipinə istinad edilir ki, təcrübədə də bu prinsip korrupsiya üçün şərait yaratmışdır.

Təhsil müəssisələrinin maliyyələşmə mənbələri sırasında layihədə təhsil müəssisəsinin himayəçilərinin və hüquqi şəxslərin könüllü ayırdıqları vəsaitlərlə yanaşı «fiziki şəxslərin yardımı» da göstərilir. Bu isə fiziki şəxs olan valideynlərdən məktəb və sinif fondları, eləcə də, başqa adlarla pul yığılmasını qanuniləşdirmək deməkdir. Təhsil müəssisələrində hər hansı bir ad altında baş verməsindən asılı olmayaraq təhsilalanlardan və ya onların valideynlərindən pul yığılmasının və ya onlara kitab, qəzet, bilet və s. satılmasının qadağan olunmasının layihədə öz əksini tapması isə əksinə təhsildəki korrupsiyanın formalarından birinə qarşı mübarizə aparmaq üçün konkret hüquqi baza yaratmış olardı.

Azərbaycan təhsilinin rəsmi şəkildə etiraf edilən bu günkü reallıqları, o cümlədən qanunvericilik bazası və təhsil sisteminin mövcud durumunun yaratdığı korrupsiogen amilləri, təhsilin strateci fəaliyyət sahəsi olduğunu, bu sahədəki korrupsiyalaşmanın cəmiyyətdəki mənəvi-əxlaqi mühitə xüsusilə mənfi təsir göstərdiyini və digər korrupsiya formalarının yaranması üçün psixoloji zəmin yaratdığını nəzərə alaraq Korrupsiyaya qarşı Mübarizə Fondu belə bir qənaətə gəlir ki, bu sahədə əsaslı dəyişikliklərin olmasına ehtiyac vardır. Ona görə də təhsildə korrupsiyanın qarşısının alınması üçün «Təhsil haqqında» yeni qanunun özündə ən azı on illik antikorrupsion islahatlar mərhələsinə hesablanmaqla aşağıdakı müddəaların əks etdirməsi məqsədə uyğun hesab olunur:

I. Təhsil müəssisələrində idarəetməni ictimai-demokratik əsaslarla qurmaq məqsədilə:

1) Təhsil Qanununun layihəsində Təhsil Nazirliyinə verilməsi təklif olunan tənzimləmə və təminetmə funksiyalarından bir çox səlahiyyətlərin geriyə alınması onların bəzilərinin təhsil müəssisələrinə və keçid mərhələdə Baş Nazir Aparatına verilməsi

2) Yerli təhsili idarəetmə orqanlarının ləğv olunması

3) Təhsil müəssisələrinin rəhbərliyinin seçki yolu ilə formalaşdırılması

4) Təhsil müəssisələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsaitin birbaşa təhsil müəssisəsinin hesablaşma hesabına keçirilməsi

5) Təhsil müəssisələrində Tələbə və Şagird Parlamentləri, onların icra orqanlarının yaranması və bu parlamentlərin Valideyn Şurası ilə birlikdə təhsil müəssisəsinin problemləri ilə bağlı qərar qəbul etmək səlahiyyətinə malik olması, təhsil müəssisələrinin problemləri üzrə mütəmadi rəy sorğularının keçirməsi, təhsil müəssisələrinin məsrəflərinə nəzarəti həyata keçirməsi

6) Hər bir təhsil müəssisəsinin saytının olması, bu saytda mühasibat uçotu, rəy sorğularının nəticələri, dərs cədvəli, dərsə davamiyyət, təhsil alanların müvəffəqiyyət göstəriciləri, təhsil müəssəsinin problemləri ilə yanaşı, korrupsiya ilə bağlı şikayət və təkliflər də yerləşdirilməsi

II. Təhsilin pillələri ilə bağlı:

İlk peşə-ixtisas təhsili ilə ümumi təhsilin inteqrasiyasının təmin olunması, təmayülləşmənin əsas təhsil pilləsinin VII sinfindən başlanaraq

– humanitar və təbii-riyaziyyat fənnləri,

– əmək tutumlu və informasiya-kommunikasiya texnologiyası peşə-ixtisası üzrə aparılması

III. Təhsilverənlərlə bağlı:

1) Orta məktəbdə çalışan müəllimlərin həftəlik dərs yükünün 24 saatdan, ali və orta ixtisas müəssisələrinin müəllimlərinin illik dərs yükünün 750-800 saatdan və pedaqoci işçilərin əmək haqqının isə ölkə üzrə minimum əmək haqqının on mislindən aşağı olmaması

2) Təhsil müəssisələrinin pedaqoqlarının attestasiyası və işə qəbulunun nəticəsi həmin gün elan edilən test üsulu ilə həyata keçirilməsi

IV. Ali təhsil müəssisələri ilə bağlı:

1) Elmin təhsillə, Milli Akademiyanın dövlət universitetləri ilə inteqrasiyasının təmin edilməsi, ali təhsil müəssisələrinə qəbulun azaldılması, səciyyəvi iqtisadi inkişaf mərhələsi keçən xarici ölkələrə dövlət vəsaiti hesabına zəruri ixtisaslar üzrə təhsil almağa göndərilənlərin sayının artırılması

2) Nəticələri həmin gün elan edilən Tələbə Qəbulu üzrə Vahid Milli Test sisteminin qəbul edilməsi

3) Fənlər üzrə tam kurs bitməmiş zaçot və imtahanların keçirilməməsi, yalnız hər fənn üzrə tam kurs bitdikdən sonra kodlaşdırılmış imtahanların keçirilməsi

4) Təhsil müəssisəsini bitirmək haqqında vahid formalı təhsil haqqında dövlət sənədinin test imtahanların yekununa görə verilməsi

5) Özəl təhsil müəssisələrinin sayının müəyyən bir dövr üçün limitləşdirilməsi

6) Aşağıdakı məsələlər üzrə islahatlar dövrü üçün moratoriumun qoyulması:

1) xarici ali təhsil müəssisələrinin filiallarının fəaliyyətinə

2) ali təhsil müəssisəsini və ya belə müəssisələrdə ixtisasını dəyişməyə

3) Yaşlıların təhsili və yenidənhazırlanma təhsili kimi əlavə təhsil müəssisələrinin fəaliyyətinə

V.Təhsil müəssisələrində yığım halları və korrupsiyaya qarşı hüquqi maariflənmə ilə bağlı:

1)Valideynlər və təhsilalanlardan hər hansı bir adla vəsait yığılmasının korrupsiya əməli kimi cinayət qanunvericiliyi ilə təqib olunması

2)Tədris proqramlarına korrupsiyaya qarşı mübarizə ilə bağlı dərslər salınmaqla təhsil müəssisələrində korrupsiyaya münasibətdə «dözülməz atmosferin» yaranmasına nail olunması vacib hesab olunur.